Texnologiya və yumorun bir yerə gəldiyi serial - SILICON VALLEY!

My default image 

"Silicon Valley" serialı 2014cü ildə, "HBO" kanalında yayımlanmağa başlayıb. Ümumi 53 bölümdən ibarətdir. Yəni, qısa müddət ərzində izləyib bitirə bilərsiniz. Baş rolları Thomas Middleditch, T. J. Miller, Zach Woods, Kumail Nanjiani, Martin Starr, Amanda Crew, Josh Brener canlandırır.


Bioqrafiya, karyera və s. kimi mövzuları ələ alan bütün film və seriallarda olduğu kimi, bu serialda da mövzumuz sıfırdan başlayıb, zirvəyə çatmaqdır. "Silicon Valley"də yaşayan, içinə qapanıq, asosial olan Richard və dostları, "Pied Piper" adlanan mükəmməl bir alqoritm yazıb, həmin alqoritmi musiqi, video və mətn fayllarını sıxışdırıb ölçülərini kiçiltmək (sıxışdırmaq) üçün istifadə etmək istəyirlər. Ancaq bu yolda oyunu düzgün qaydalarla oynamayan rəqib şirkətlərlə və maddi sıxıntılarla qarşılaşacaqlar. Mövzu haqqında daha çox danışmaq istəmirəm, əgər az da olsa marağınızı cəlb etdisə, mütləq izləyin.


Film və serialları izlədikcə nəzərə çarpan kiçik detallar hər kəs tərəfindən maraqla qarşılanır. Bu serialda da, bu detallarla tez-tez rastlaşacaqsınız. Ona görə də, dialoqlardakı zarafatlara mütləq diqqət yetirin. Məsələn, çoxlarının hər dəfə serial izləyərkən keçməkdən bezdiyi introdan da, bu serialda fərqli şəkildə istifadə edilib. İlk sezonlarda "Yahoo" şirkəti daha məşhur idi deyə, introda həmin şirkətin binası və loqosu daha böyük yer tuturdu. Digər sezonlarda isə həmin bina və loqo getdikcə kiçilməyə başlayır. 
My default image 


Artıq bildiyiniz kimi, "Silicon Valley" texnologiya sahəsini əhatə edən bir serialdır. Ancaq bu serialda bizə məhsulu yox, onun necə istehsal olunduğunu göstərirlər. Əgər texnologiya sahəsi ilə maraqlanır və yumoru (ən əsası da, qara yumoru) sevirsinizsə, bu serialı mütləq izləyin!